Nikolas Otamendi “River Pleyt”də!
Otamendi vətənə qayıtdı: argentinalı müdafiəçi “River Pleyt”ə keçdi.
90plus.az xəbər verir ki, Argentina millisinin təcrübəli müdafiəçisi Nikolas Otamendi karyerasını vətənində davam etdirəcək. 38 yaşlı futbolçu “River Pleyt”lə müqavilə imzalayıb.
Buenos-Ayres təmsilçisinin yaydığı məlumata görə, Otamendi mayın 29-da müqaviləyə imza atıb. Saziş 2026-cı il iyulun 1-dən 2027-ci il dekabrın 31-dək qüvvədə olacaq. İmzalanma mərasimində klub prezidenti Stefano Di Karlo da iştirak edib.
Beləliklə, dünya çempionu müdafiəçi “Benfika”dan ayrıldıqdan sonra gözlənilən transferini rəsmiləşdirərək uzun illər sonra doğma ölkəsinə qayıdıb. Otamendi Portuqaliya klubu ilə müqaviləsini yeniləməmək qərarına gəldiyi üçün “River Pleyt”ə azad agent kimi qoşulub.
Təcrübəli futbolçu “Benfika”da keçirdiyi altı mövsüm ərzində 281 oyunda meydana çıxıb, 18 qol vurub və 8 məhsuldar ötürmə edib. O, Lissabon təmsilçisinin heyətində bir ölkə çempionluğu, bir Liqa Kuboku və iki Superkubok qazanıb. Müdafiəçinin klubdakı son oyunu “Eştoril” üzərində 3:1 hesablı qələbə ilə başa çatıb.
Otamendi daha əvvəl Portuqaliyada “Portu”nun da formasını geyinib. O, bu klubla birlikdə yeddi titul, o cümlədən üç ölkə çempionluğu əldə edib.
2022-ci ildə Argentina millisinin heyətində dünya çempionu olan müdafiəçi indi diqqətini milli komandaya yönəldəcək. Onun 2026-cı il dünya çempionatının son mərhələsində də “Albiseleste”nin müdafiə xəttinin əsas simalarından biri olması gözlənilir.
© Copyright 2026, All Rights Reserved