Kai Haverts Çempionlar Liqasında tarixə düşdü
Kai Haverts Çempionlar Liqası tarixinə düşdü: Ronaldo və Mandzukiçin sırasına qoşuldu.
90plus.az xəbər verir ki, "Arsenal”ın hücumçusu Kai Haverts UEFA Çempionlar Liqasının finalında vurduğu qolla turnirin tarixində nadir rast gəlinən uğura imza atıb.
Almaniyalı futbolçu PSJ-yə qarşı keçirilən final görüşündə hesabı artıq 6-cı dəqiqədə açaraq komandasını önə keçirib. Bununla da Haverts Çempionlar Liqasının finallarında iki fərqli klubun heyətində qol vurmağı bacaran sayca üçüncü futbolçu olub.
26 yaşlı forvard bundan əvvəl 2021-ci ildə “Çelsi”nin formasında “Mançester Siti”yə qarşı final matçında fərqlənmişdi. Həmin qol London təmsilçisinə turnirin qalibi olmaq imkanı yaratmışdı.
“Opta”nın məlumatına əsasən, Havertsdən əvvəl bu göstəriciyə yalnız iki futbolçu nail olmuşdu. Onlardan biri “Mançester Yunayted” və “Real Madrid” formalarında Çempionlar Liqasının finallarında qol vuran Kriştiano Ronaldo, digəri isə “Bayern Münhen” və “Yuventus”un heyətində həlledici matçlarda fərqlənən Mario Mandzukiçdir.
Beləliklə, Haverts Avropa futbolunun ən nüfuzlu klub turnirinin tarixində özünəməxsus yer tutaraq əfsanəvi futbolçuların sırasına daxil olub.
© Copyright 2026, All Rights Reserved