Azarkeşdən öz əfsanəsinə unudulmaz vida jesti
“Tiqres” azarkeşlərindən klubun canlı əfsanəsi Jinyaka möhtəşəm vida jesti gündəm olub.
90plus.az xəbər verir ki, Meksikanın “Tiqres” klubunun azarkeşləri komandanın əfsanəvi hücumçusu Andre-Pyer Jinyak üçün təsirli vida mərasimi təşkil ediblər.
Futbolçunun mümkün karyera sonu ilə bağlı yayılan xəbərlər fonunda keçirilən qarşılaşmanın 10-cu dəqiqəsində tribunalar xüsusi atmosferə bürünüb. Azarkeşlər böyük “Merci Gignac” (Təşəkkürlər, Jinyak) yazılı tifo açıb, digər sektorlarda isə futbolçunun baş hərfləri – APG Meksika bayrağının rəngləri ilə nümayiş etdirilib. Bundan əlavə, tribunada üzərində “10” nömrəsi olan Fransa bayrağı qaldırılıb və fanatlar uzun müddət “Hey Jude” mahnısının ritminə uyğun “na-na” nəğməsi səsləndiriblər.
Xatırlatma: 2009–2016-cı illərdə Fransa millisində çıxış edən Jinyak 36 oyunda 7 qol vurub. O, ötən ay da prinsipial Monterrey derbisində (“Klasiko Reqio”) həlledici fiqur olub. Təcrübəli hücumçu Monterrey ilə oyunda əlavə vaxtda vurduğu qol sayəsində komandasına 1:0 hesablı qələbə qazandırıb.
Hazırda “Tiqres” turnir cədvəlində 7-ci pillədə qərarlaşıb və pley-off mərhələsinə yüksəlmək üçün əlverişli mövqedədir.
Qeyd: Bu qarşılaşma Tigres UANL forması ilə Jinyakın son oyunu kimi yadda qalıb. Klubun canlı əfsanəsi hesab olunan fransız hücumçu azarkeşlərin yaddaşında uzun illər silinməyəcək iz qoyub.
© Copyright 2026, All Rights Reserved