FİFA mundial mükafatının məbləğini artırır
FIFA 2026-cı il dünya çempionatı üçün maliyyə planını genişləndirmək niyyətindədir. Qurum həm mükafat fondunun, həm də iştirakçı komandalar üçün ayrılan ödənişlərin artırılmasını gündəmə gətirib.
90plus.az xəbər verir ki, məsələ ilə bağlı yekun qərarın bu həftə Kanadanın Vankuver şəhərində keçiriləcək FİFA Şurasının iclasında rəsmiləşəcəyi gözlənilir. Bu addım son dövrlərdə müxtəlif milli federasiyaların artan xərclərlə bağlı narazılıqlarına cavab kimi qiymətləndirilir.
Xüsusilə Amerika Birləşmiş Ştatlarında təşkil olunacaq oyunlarla bağlı logistika, uçuş və vergi xərclərinin yüksək olması komandalar üçün əlavə çətinliklər yaradır. FİFA isə bu yükü azaltmaq üçün maliyyə paketini böyütməyi planlaşdırır.
Xatırlatma: Daha əvvəl 2026-cı il dünya çempionatı üçün 727 milyon dollar məbləğində mükafat fondu açıqlanmışdı. İlkin plana əsasən, turnirdə iştirak edəcək 48 komandanın hər biri minimum 10,5 milyon dollar qazanmalı, çempion isə 50 milyon dollar əldə etməli idi. Yeni dəyişikliklərdən sonra bu rəqəmlərin daha da yüksələcəyi bildirilir.
Bununla yanaşı, FİFA qlobal futbolun inkişafına yönələn maliyyəni də artırır. Qurumun 211 üzv assosiasiyasına ayrılan vəsait növbəti dördillik dövrdə əvvəl nəzərdə tutulan 2,7 milyard dolları üstələyəcək.
Beləliklə, 2026-cı il dünya çempionatı təkcə format baxımından deyil, maliyyə göstəricilərinə görə də futbol tarixində yeni rekordlarla yadda qala bilər.
© Copyright 2026, All Rights Reserved