Liam Rozinyor “Çelsi” futbolçularını sərt tənqid etdi
“Çelsi”də böhran: Rozinyor futbolçuları sərt tənqid etdi – “Bu, qəbuledilməzdir”
“Çelsi” Premyer Liqada növbəti ağır məğlubiyyətini alıb. London klubu “Brayton”a 0:3 hesabı ilə uduzub və ardıcıl beşinci liqa oyununda da qol vura bilməyib. Bu, klub tarixində son 114 ildə ilk belə seriya kimi qeydə alınıb.
90plus.az xəbər verir ki, matçdan sonra baş məşqçi Liam Rozinyor komandanın çıxışını sərt şəkildə tənqid edib və futbolçuların yanaşmasından narazılığını gizlətməyib.
O, ilk olaraq komandanın ümumi ruh halını belə dəyərləndirib:
“Ümumi münasibət və ruh çatışmırdı – start heyətindəki 3-4 oyunçudan belə kifayət qədər əzmkarlıq görmədim. Bu klub üçün bu, qətiyyən yetərli deyil”.
Rozinyor futbolçularla münasibətə dair iddialara da cavab verib:
“Mənimlə oyunçular arasında əlaqə problemi olduğunu düşünmürəm. Sadəcə ruh və inam çatışmır, bu da belə bir təsəvvür yaradır”.
Baş məşqçi oyunçularla açıq danışdığını vurğulayıb:
“Mən futbolçularla dürüst oluram. Bu, qəbuledilməz performans idi”.
O, “Çelsi”də oynamağın məsuliyyətini xüsusi qeyd edib:
“Siz ‘Çelsi’də oynayırsınız, mən ‘Çelsi’ni idarə edirəm və əgər bunu qəbul edə bilmirsinizsə, burada olmamalısınız”.
Rozinyorun sözlərinə görə, problem taktiki deyil, tamamilə istək və xarakterlə bağlıdır:
“Bu oyun taktika ilə bağlı deyildi. Bu, istək, ruh və cəsarət məsələsi idi və mən bunu kifayət qədər görmədim. Qətiyyən yetərli deyildi”.
O, fikrini daha da sərtləşdirərək əlavə edib:
“Bu oyun taktika deyil, istək məsələsi idi”.
Baş məşqçi komanda daxilində ciddi dəyişikliklərin vacibliyini də vurğulayıb:
“Hazırda nəyisə radikal şəkildə dəyişmək lazımdır. Hamımız güzgüyə baxmalıyıq. Mən də özümə baxmalıyam”.
Rozinyor oyunu hər baxımdan qəbuledilməz adlandırıb:
“Bu, hər baxımdan qəbuledilməz idi. Mən daim oyunçuları müdafiə etməyə çalışıram, amma bu gecə müdafiə olunacaq heç nə yox idi”.
Sonda isə o, bazar günü üçün heyətdə dəyişiklik olacağını bildirib:
“Bazar günü bu klubu təmsil edəcək heyəti mən seçəcəyəm”.