Premyer Liqadan getdilər!
"Vulverhempton" rəsmən Premyer Liqanı tərk etdi.
90plus.az xəbər verir ki, Vulverhempton mövsümün başa çatmasına 5 tur qalmış rəsmi olaraq Premyer Liqadan aşağı liqaya düşüb. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan komanda təhlükəsizlik zonasından 16 xal geri qaldığı üçün elitada qalmaq şansını itirib.
Komandanın aqibəti "Vest Hem"in "Kristal Pelas" ilə qolsuz heç-heçəsindən sonra dəqiqləşib. Bu nəticə "Vulverhempton"un xilas ümidlərini tamamilə aradan qaldırıb.
Midlands təmsilçisi mövsüm ərzində uğursuz çıxışı ilə yadda qalıb. Xüsusilə ilk dövrə komanda üçün çox ağır keçib – "Vulverhempton" ilk 19 oyunda qələbə qazana bilməyib. Ümumilikdə isə 33 qarşılaşmada cəmi 3 qələbə əldə olunub.
Aşağı liqaya düşmə təhlükəsi yaşayan digər komandalardan "Börnli" də eyni aqibətlə üzləşməyə yaxındır. Komanda növbəti turda "Mançester Siti"yə uduzacağı halda Premyer Liqanı tərk edəcək.
"Tottenhem" isə son turda "Brayton" ilə 2:2 hesablı heç-heçə edərək vacib qələbəni əldən verib və təhlükəli zonadan çıxa bilməyib. London klubu dekabr ayından bəri qələbə qazana bilmir. Yeni baş məşqçi Roberto De Zerbi də ilk oyunlarında uğur əldə edə bilməyib.
Bu arada, Çempionşipdə çıxış edən "Koventri" Frenk Lempardın rəhbərliyi altında mövsümü zirvədə başa vuraraq 25 ildən sonra yenidən Premyer Liqaya vəsiqə qazanıb.
© Copyright 2026, All Rights Reserved