Qurban Qurbanov: “Bilmək olmaz, bəlkə bu dünyadan daha tez köçdük”
Qurban Qurbanov: “Alınmayanda alınmır” – “Qarabağ”dan Gəncədə məğlubiyyət sonrası açıqlamalar gəldi.
90plus.az xəbər verir ki, Misli Premyer Liqasının 17-ci turunda “Qarabağ” səfərdə “Kəpəz”lə üz-üzə gəlib. Qarşılaşma Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb və bu nəticə mövsümün ikinci hissəsinə uğursuz start verən Ağdam klubunda məyusluq yaradıb.
Matçdan sonra "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunu şərh edib. Təcrübəli mütəxəssis ilk olaraq rəqib komandanı təbrik edib və Azər Bağırovun yetirmələrinin layiqli qələbə qazandığını vurğulayıb:
“Çox yaxşı mübarizə apardılar və layiqli qalibiyyət əldə etdilər. Çox istəkli idilər, udmaq istəyirdilər”.
Qurban Qurbanov komandasının oyunundan tam razı qalmadığını gizlətməyib və çempionatın ikinci yarısına istədikləri kimi başlaya bilmədiklərini etiraf edib:
“Futbolçularıma gəlincə, alınmayanda alınmır. Əziyyət çəkdilər, yoruldular. Çempionatın ikinci hissəsinə daha yaxşı başlamaq istəyirdik. Buna baxmayaraq qarşıda asan oyunumuz olmayacaq”.
Baş məşqçi diqqətin artıq UEFA Çempionlar Liqasında “Liverpul”la keçiriləcək oyuna yönəldiyini bildirib:
“Bütün matçlara maksimum hazırlıq, maksimum motivasiya ilə çıxmalıyıq. Qarşıdakı günlərdə “Liverpul”la matça hazırlaşmalıyıq. Komandalar daha təcrübəli olublar. Bir-birini daha yaxşı tanıyırlar. Daha aktiv, məsuliyyətli olmalıyıq. Mübarizə aparacağıq. Hər bir xal dəyərlidir”.
Transfer məsələlərinə də toxunan Qurban Qurbanov danışıqların davam etdiyini, lakin prosesin çətin getdiyini söyləyib. O, Bəhlul Mustafazadəyə Çin klublarından marağın olduğunu təsdiqləyib, Elvin Cəfərquliyevin “Fənərbağça”ya mümkün keçidi ilə bağlı isə məlumatsız olduğunu qeyd edib:
“Təkcə Bəhlula yox, digər oyunçulara da maraq var. Təkliflər mövcuddur. Amma hazırda bütün diqqətimiz ‘Liverpul’la oyuna yönəlib. Hələlik konkret qərar verilməyib”.
Təcrübəli mütəxəssis matç zamanı zədələnən Bədavi Hüseynovun vəziyyətinin onu narahat etdiyini də açıqlayıb:
“Zədəsi ciddi görünür. Başında şiş var idi. Özüm də görüb pis oldum”.
Sonda Qurban Qurbanov “Ayntraxt”la oyundan sonra onu tənqid edənlərə emosional cavab verib:
“Haqqım varsa, halal olsun. Mənə çox insan yaxınlaşıb deyib ki, haqqınızı halal edin, sizin haqda düz fikirləşməmişik. 10-15 ildir bu, davam edir. Tanımadan biri haqda fikir yürüdəndə belə hallar olur. Haqqım hamıya halaldır, bilmək olmaz, bəlkə bu dünyadan daha tez köçdük”.