Rahim Sterlinq saxlanıldı! Narkotik şübhəsi var
Rahim Sterlinq saxlanıldı: məşhur futbolçu ilə bağlı araşdırma aparılır.
90plus.az xəbər verir ki, İngiltərə millisinin sabiq üzvü Rahim Sterlinq hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb.
İngiltərə mətbuatının yaydığı məlumata görə, 31 yaşlı futbolçu M3 avtomobil magistralında idarə etdiyi “Lamborghini” ilə yol kənarındakı maneələrə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, polis tərəfindən araşdırma başladılıb.
Məlumatda bildirilir ki, Sterlinq narkotik maddənin təsiri altında avtomobil idarə etmək, təhlükəli sürücülük, C sinifli qadağan olunmuş maddə saxlamaq və tələb olunan nümunəni təqdim etməmək şübhələri ilə saxlanılıb. Futbolçu daha sonra zaminə buraxılıb və istintaq davam edir.
Sterlinqə yaxın mənbələr isə hadisədən sonra futbolçunun son illərdə ciddi psixoloji təzyiq altında olduğunu bildiriblər. Onların sözlərinə görə, keçmiş “Mançester Siti”, “Çelsi” və “Arsenal” oyunçusu karyerasının eniş dövründə özünü kənarda qalmış və unudulmuş hiss edib.
Mənbə qeyd edib ki, Sterlinq uzun müddətdir həm azarkeşlərin, həm də ictimaiyyətin sərt tənqidləri ilə üzləşir və bu durum onun psixoloji vəziyyətinə ciddi təsir göstərib. Hətta futbolçu oyuna olan sevgisini yenidən qazanmaq üçün Niderlanda yollansa da, təzyiqlərin davam etdiyi vurğulanıb.
Bununla yanaşı, Sterlinqə yaxın şəxslər futbolçunun yalnız şübhəli şəxs qismində saxlanıldığını və hazırda onun orqanizmində hər hansı qadağan olunmuş maddənin olduğuna dair sübutun mövcud olmadığını da diqqətə çatdırıblar.
Qeyd: Rahim Sterlinq karyerası ərzində İngiltərə millisinin heyətində 82 oyunda 20 qol vurub. O, “Liverpul”, “Mançester Siti”, “Çelsi” və “Arsenal” kimi klubların formasını geyinib, son olaraq isə Niderlandın “Feyenoord” komandasında çıxış edib.
© Copyright 2026, All Rights Reserved