Arbeloa “Real”dan getdi: “Onunla işləmək şansım yoxdur”
“Real Madrid”də gözlənilən dəyişiklik – Arbeloa klubdan ayrılır.
90plus.az xəbər verir ki, “Real Madrid”in baş məşqçisi Alvaro Arbeloa mövsümün sonunda klubdan ayrılacağını rəsmən təsdiqləyib.
43 yaşlı mütəxəssis yanvar ayında “Real Madrid B” komandasında işlədiyi vəzifədən əsas komandaya yüksəldilmişdi. O, Xabi Alonsonun yerinə gətirilmişdi.
Arbeloa bildirib ki, bu mövsüm onun “Real Madrid”də son işi olacaq və bundan sonra klubdakı gələcəyi qeyri-müəyyəndir.
“Mourinyo möhtəşəm texniki heyətə malikdir. Əgər o gəlirsə, öz komandası ilə gələcək. Mənim onunla işləmək şansım yoxdur. Gələcəyim barədə isə bazar ertəsindən düşünəcəyəm”, – deyə o açıqlayıb.
İspan mütəxəssis həmçinin “Real Madrid”dəki son matçını oynayacağını, lakin bunun mütləq vida olmadığını vurğulayıb:
“Ümid edirəm ki, bu bir ‘son görüş’ deyil, sadəcə ‘görüşənədək’ olacaq”.
Klubun heyətində də dəyişikliklər gözlənilir. Müdafiəçi David Alaba mövsümün sonunda müqaviləsi başa çatdığı üçün komandadan ayrılacaq. Avstriyalı futbolçu “Real Madrid”də 5 mövsüm ərzində 11 kubok qazanıb.
Mövsüm ümumilikdə “Real Madrid” üçün uğursuz keçib. Komanda La Liqada ikinci yeri tutacaq və ardıcıl ikinci dəfə mövsümü titulsuz başa vurub. Çempionlar Liqasında isə yarımfinala yüksələ bilməyib.
İspaniya mətbuatının məlumatına görə, klubda yeni baş məşqçi kimi Joze Mourinyonun adı ön plana çıxır. Portuqaliyalı mütəxəssis hazırda “Benfika”nı çalışdırır və əvvəllər 2010–2013-cü illərdə də “Real Madrid”ə rəhbərlik edib.
Klubda prezident seçkiləri məsələsi də vəziyyəti daha da mürəkkəbləşdirib və yeni baş məşqçinin təyinatı prosesini uzada bilər.
© Copyright 2026, All Rights Reserved