Azər Bağırov: “İstefa çığıranlar dırnaqarası azarkeşlərdir”
Bağırov: “Geridönüş edə bildik, futbolçularıma təşəkkür edirəm”.
90plus.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 30-cu turunda “Kəpəz” öz meydanında “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib. Qarşılaşmadan sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyunu şərh edib.
Mütəxəssis matçın maraqlı keçdiyini bildirib və komandasının əzmkarlığını vurğulayıb:
“Mənim üçün maraqlı oyun oldu. Yaxşı başlaya bilərdik, amma epizodlardan yararlana bilmirik. Bəsit qollar buraxırıq. Ancaq futbolçularıma təşəkkür edirəm. Geridönüş edə bildilər”.
Bağırov azarkeşlərə də xüsusi təşəkkürünü çatdırıb:
“Bundan başqa, azarkeşlərimizə, əsl gəncəli azarkeşlərə təşəkkür edirəm. Məğlub olanda belə, komandanı sona qədər dəstəklədilər. Əsl “Kəpəz” azarkeşləri bilir ki, Azər komandanı hansı durumda götürüb. Qışda da oyunçu dəvət edə bilməmişik. Ehtiyat oturacağımız geniş deyil. Hansı ki, Ceferson getdi, bu da Azər Bağırovun səhvi deyildi. Hansı azarkeş ki, “istefa” çağıracaq, o mənim üçün önəmli deyil. Çünki onlar dırnaqarası azarkeşlərdir”.
Təcrübəli çalışdırıcı hakim qərarlarına da toxunub:
“UEFA Çempionlar Liqasındakı penaltilərə baxsaq, onları dəyərləndirsək, hər şey bizə aydın olar”.
© Copyright 2026, All Rights Reserved