DÇ-2026: Uruqvay heyətini açıqladı! Suares yoxdur
Luis Suares Dünya Çempionatından kənarda qaldı – Uruqvayın yekun heyəti açıqlandı.
90plus.az xəbər verir ki, Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa 2026 Dünya Çempionatı üçün yekun 26 nəfərlik heyəti açıqlayıb. Siyahıda diqqət çəkən ən böyük məqam isə əfsanəvi hücumçu Luis Suaresin yer almamasıdır.
Uruqvay millisinin tarixində ən çox qol vuran futbolçu olan Suares mundiala aparılmayıb. 39 yaşlı forvard yığma karyerasında 143 oyunda meydana çıxaraq 69 qol vurub və ölkəsinin ən məhsuldar futbolçusu kimi tarixə düşüb.
Byelsa buna baxmayaraq, təcrübəli qapıçı Fernando Musleranı yenidən milliyə qaytarıb. 39 yaşlı qolkiper karyerasını başa vurduğunu açıqlasa da, Dünya Çempionatı üçün heyətə daxil edilib və bununla da turnirdə beşinci dəfə iştirak etmək şansı qazanıb.
Uruqvay heyətinin əsas ulduzları arasında Federiko Valverde, Ronald Arauxo və Manuel Uqarte yer alır.
Suares 2024-cü ildə milli karyerasını başa vurduğunu açıqlasa da, son aylarda yenidən yığmada oynamaq istədiyini gizlətmirdi. Təcrübəli hücumçu may ayında verdiyi açıqlamada milli komandadan dəvət almaq istədiyini bildirmişdi.
Hazırda "İnter Mayami" forması geyinən Suares klub səviyyəsində uğurlu çıxış edir. O, cari mövsümdə 7 start oyununda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Buna baxmayaraq, Byelsa təcrübəli futbolçuya heyətdə yer verməməyi üstün tutub.
Beləliklə, Suares 2010-cu ildəki debütündən sonra ilk dəfə Dünya Çempionatını kənardan izləyəcək.
Uruqvay DÇ-2026 heyəti
Qapıçılar: Serxio Roçet, Fernando Muslera, Santyaqo Mele.
Müdafiəçilər: Gilyermo Varela, Ronald Arauxo, Xose Mariya Ximenez, Santyaqo Bueno, Sebastyan Kaseres, Matias Olivera, Xoakin Pikerez, Matias Vinya.
Yarımmüdafiəçilər: Manuel Uqarte, Emiliano Martines, Rodriqo Bentankur, Federiko Valverde, Aqustin Kanobbio, Xuan Manuel Sanabriya, Xorxian de Arraskaeta, Nikolas de la Kruz, Rodriqo Salasar, Fakundo Pelistri, Maksimiliano Arauxo, Brayan Rodriqes.
Hücumçular: Rodriqo Aqirre, Federiko Vinyas, Darvin Nunyes