“Fənərbağça”nın baş məşqçisi rəsmən bilindi
“Fənərbağça”nın yeni baş məşqçisi Domeniko Tedesko oldu.
90plus.az xəbər verir ki, Joze Mourinyonun vəzifəsinə son verildikdən sonra “Fənərbağça”nın yeni baş məşqçisinin kim olacağı azarkeşlər arasında böyük maraq doğurmuşdu. Artıq klub rəsmi qərarını açıqlayıb – komandanı Domeniko Tedesko çalışdıracaq. Almaniya və İtaliya vətəndaşlığı olan 39 yaşlı mütəxəssisilə 2 illik müqavilə imzalanıb.
Almaniyalı mütəxəssisə uzun illər “Fənərbağça”nın formasını geyinmiş və kapitanlıq etmiş Gökhən Gönül köməkçi məşqçi qismində dəstək olacaq.
TEDESKO KİMDİR?
Domeniko Tedesko italyan əsilli alman futbol mütəxəssisidir. 1985-ci ildə anadan olub. Məşqçiliyə 2008-ci ildə “Ştutqart”ın aşağı yaş qruplarında köməkçi kimi başlayıb.
Onun ilk peşəkar təcrübəsi 2017-ci ildə “Ertsgebirge Aue”də olub. Burada komandani elitada saxlayaraq diqqət çəkib. Həmin ilin yayında “Şalke 04”ə baş məşqçi təyin edilən Tedesko 32 yaşında Bundesliqanın ən gənc çalışdırıcılarından biri kimi tarixə düşüb. İlk mövsümdə klubla çempionatı ikinci yerdə başa vuraraq Çempionlar Liqasına vəsiqə qazanıb.
2019-cu ildə “Spartak Moskva”nı, 2021-ci ildən isə “Leypsiq”i çalışdırıb. “Leypsiq”lə 2022-ci ildə Almaniya Kubokunu qazanıb. 2023-cü ilin fevralından isə Belçika milli komandasına rəhbərlik edirdi.
Tedesko müasir yanaşması və taktiki baxımdan çevik oyun üslubu ilə tanınır.
© Copyright 2026, All Rights Reserved