Messi mundialın favoritlərini açıqladı
Argentina millisinin ulduzu Lionel Messi 2026-cı il dünya çempionatının əsas favoritlərini açıqlayıb.
90plus.az xəbər verir ki, o, Fransa, İspaniya, Braziliya və Portuqaliyanı turnirin əsas namizədləri kimi göstərib, eyni zamanda Argentina millisinin son dünya çempionu olmasına baxmayaraq əsas favorit sayılmadığını bildirib.
Messi bu fikirləri Pollo Alvaresə verdiyi müsahibədə səsləndirib. Təcrübəli futbolçu Şimali Amerikada keçiriləcək mundial və milli komandalar arasındakı hazırkı güc balansı barədə danışıb.
“Anlamalıyıq ki, bizdən öncə gələn başqa favoritlər də var, hazırda daha yaxşı formada olan komandalar mövcuddur”, – Messi deyib.
O, xüsusilə Fransa və İspaniya millilərini önə çıxarıb:
“Fransa yenə çox güclü görünür, heyətlərində çox sayda yüksək səviyyəli futbolçu var. İspaniya da həmçinin”.
Messi Braziliyanın son illərdə qeyri-sabit çıxış etməsinə baxmayaraq hər zaman təhlükəli rəqib olduğunu vurğulayıb:
“Braziliya bir müddətdir ən yaxşı dönəmini yaşamasa da, həmişə favoritlər sırasında olur”.
Argentinalı ulduz Kristiano Ronaldonun liderlik etdiyi Portuqaliya millisinin də ciddi namizəd olduğunu qeyd edib:
“Məncə, Portuqaliyanın da çox rəqabətədavamlı millisi var”.
Argentina millisi dünya çempionu statusunda turnirə yollansa da, Messinin mundialda iştirak edib-etməyəcəyi hələ dəqiq deyil. Hücumçu bununla bağlı yekun qərarını açıqlamayıb.
2026-cı il dünya çempionatı ABŞ, Meksika və Kanadada keçiriləcək. Argentina millisi isə turnirdə ilk oyununu iyunun 17-də Əlcəzairə qarşı keçirəcək.
© Copyright 2026, All Rights Reserved