Qismət Alıyev: "Tilsimi qırmağı bacardıq"
Azərbaycan milli komandası sabah “FIFA Series - 2026” turniri çərçivəsində növbəti sınağına çıxmağa hazırlaşır. Rəqib Syerra Leone yığmasıdır və qarşılaşma komanda üçün mühüm yoxlama xarakteri daşıyır.
Oyun öncəsi keçirilən mətbuat konfransında çıxış edən Qismət Alıyev matçın əhəmiyyətinə diqqət çəkib.
90plus.az xəbər verir ki, müdafiəçi bildirib ki, bu cür beynəlxalq görüşlər komandanın inkişafı və xüsusilə UEFA Millətlər Liqasına hazırlıq baxımından böyük rol oynayır. Onun sözlərinə görə, kollektiv son oyundakı uğurlu nəticə ilə əvvəlki uğursuzluq seriyasına son qoyub və bu müsbət tendensiyanı davam etdirmək niyyətindədir. Alıyev əlavə edib ki, futbolçular meydanda maksimum performans göstərərək azarkeşləri sevindirməyə çalışacaqlar:
"Sabah millimiz üçün növbəti önəmli sınaq olacaq. Belə yoldaşlıq görüşlərinin keçirilməsi UEFA Millətlər Liqası üçün çox vacibdir. Bildiyiniz kimi, komandada qələbəsizlik seriyası var idi, lakin son oyunda inamlı çıxış edərək bu tilsimi qırmağı bacardıq. Sabahkı matçda da meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, xalqımızı növbəti qələbə ilə sevindirək".
Sağ cinah müdafiəçisi mövqeyində rəqabətə də toxunan futbolçu şəxsi yanaşmasının dəyişmədiyini vurğulayıb. O, “Zirə”də stabil və keyfiyyətli çıxış etməklə milliyə dəvət qazanmağa fokuslandığını bildirib. Eyni zamanda, yığmanın məşqçilər heyətinin qərarlarına hörmətlə yanaşdığını və heyətdə yer alan hər bir futbolçunun buna layiq olduğunu qeyd edib:
"Mən hər zaman çalışıram ki, "Zirə"də ən yaxşı oyunumu nümayiş etdirim və bunun sayəsində milli komandaya dəvət alım. Yığmanın məşqçilər heyətinin qərarlarına və seçimlərinə hər zaman hörmətlə yanaşıram. Hesab edirəm ki, bu gün kimlər millinin heyətindədirsə, deməli, buna layiqdirlər".
Xatırlatma: Azərbaycan millisi bundan əvvəlki görüşdə Sent Lüsiya komandasını 6:1 hesabı ilə məğlub edərək inamlı qələbə qazanmışdı.
© Copyright 2026, All Rights Reserved