“Real”da baş məşqçi böhranı dərinləşir
“Real Madrid”də baş məşqçi böhranı dərinləşir – Klopp rəsmən siyahıdan çıxdı.
90plus.az xəbər verir ki, "Real Madrid" klubunda yeni baş məşqçi axtarışı gözləniləndən də çətin prosesə çevrilib. İspaniya nəhəngi hazırkı planlama mərhələsində qeyri-müəyyənliklə üz-üzə qalıb.
Son günlər adı Madrid klubu ilə intensiv şəkildə hallanan Yürgen Klopp ilə bağlı məsələ artıq yekunlaşıb. Alman mütəxəssisin gələn mövsüm üçün “Real Madrid”in baş məşqçi namizədləri siyahısında yer almadığı dəqiqləşib.
Klopp hazırda Red Bull futbol strukturunda – o cümlədən "Leypsiq" və digər klubların daxil olduğu şəbəkədə qlobal futbol rəhbəri kimi fəaliyyətini davam etdirir və bu vəzifədən məmnun olduğunu bildirib. Onun yaxın gələcəkdə klub məşqçiliyinə qayıtmaq niyyətində olmadığı vurğulanır. Yeganə istisna kimi Almaniya milli komandası ehtimalı göstərilir.
Bu qərar “Real Madrid”in planlarını ciddi şəkildə dəyişib. Klub rəhbərliyi hazırda baş məşqçi postu üçün iki əsas istiqamət üzərində dayanırdı: Klopp və Joze Mourinyo. Kloppun geri çəkilməsi ilə siyahıda bir namizəd qalır.
İspaniya mediasının yazdığına görə, klubun radarında həmçinin Maurisio Poçettino və Didye Deşam kimi adlar da var, lakin prioritet seçim hələ də dəqiqləşməyib.
Madrid klubunda qərar prosesinin uzanması narahatlıq yaradır. Klub daxilində artıq Alvaro Arbeloa ilə bağlı keçid planının da yenidən nəzərdən keçirildiyi bildirilir.
Beləliklə, “Real Madrid”də baş məşqçi məsələsi açıq qalır və Florentino Peres rəhbərliyi həlledici mərhələyə daxil olur.
© Copyright 2026, All Rights Reserved