Vernidub: “Oyun suyumu çıxartdı”
Yuri Vernidub: “Bu oyun məni o qədər emosional yordu ki, suyumu çıxartdı".
90plus.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 21-ci turundan təxirə salınmış oyunda "Neftçi"nin "Qarabağ" üzərində qələbəsindən (2:1) sonra baş məşqçi Yuri Vernidub matçla bağlı fikirlərini bölüşüb.
Ukraynalı mütəxəssis ilk növbədə azarkeşlərə təşəkkür edib və əvvəlki məğlubiyyətə görə üzr istəyib:
“Neftçi azarkeşlərini təbrik edirəm. Bizim üçün çox önəmli qələbə idi. Eyni zamanda bundan əvvəlki uduzduğumuz oyuna görə də onlardan üzr istəyirəm.”
Baş məşqçi komandanın əvvəlki uğursuzluqdan nəticə çıxardığını vurğulayıb:
“Neftçi elə komandadır ki, eyni səviyyədə oynamalı, pressinq etməlidir. Necə oynadığımızı gördünüz və 1:5 uduzmuşduq. Bu oyundan nəticələr çıxardıq. Ona görə də bu gün pis oyun olmadı.”
Vernidub qarşılaşmanın onun üçün emosional baxımdan ağır keçdiyini də gizlətməyib və jurnalistlərdən anlayış istəyib:
“Sizdən xahişim var ki, bu gün elə hisslər keçirirəm ki, olarsa, suallar verməyəsiz. Qarşıda 4 oyun var, nə qədər istəsəz, cavab verəcəm.”
“Bu oyun məni o qədər emosional yordu, suyumu çıxardı. Ona görə də bu dəfə olmasa yaxşı olar.”
Sonda isə o, media nümayəndələrinə hörmətlə yanaşdığını xüsusi qeyd edib:
“Bu, heç də hörmətsizlik deyil. Hamınıza böyük hörmətlə yanaşıram. Çox sevinirəm ki, gözəl suallar verirsiz, mən də səmimi cavablayıram".
© Copyright 2026, All Rights Reserved