Trent Aleksandr-Arnold: “Liverpul”dan yalnız “Real” üçün ayrılardım

La Liqanın nəhəngi “Real Madrid” İngiltərə millisinin və “Liverpul”un sabiq müdafiəçisi Trent Aleksandr-Arnoldla 2031-ci ilədək müqavilə imzalayıb.
90plus.az xəbər verir ki, 26 yaşlı futbolçu bu transfer barədə danışarkən “Real Madrid”ə keçidini heç vaxt sual etmədiyini bildirib:
“Hara gedəcəyimi düşünmədim. Sadəcə sual bu idi: ‘Mən “Real Madrid”ə gedirəm, ya yox?’ Mən “Liverpul”dan yalnız “Real Madrid” üçün ayrılardım,” – deyə o vurğulayıb.
"Madridistalara oyunumu göstərməyi və çoxlu titullar qazanmağı çox istəyirəm. Bilirəm ki, bu klubda çıxış etmək böyük məsuliyyətdir. Amma komanda üçün hər şeyimi verməyə hazıram. Hala Madrid!"
“Real Madrid”in prezidenti Florentino Peres isə yeni transfer haqqında bunları söyləyib:
“Biz bir əfsanəni, dünyanın ən yaxşı futbolçularından birini heyətimizə qatdıq. Trentin arzuları gerçəkləşdi.”
Trent Aleksandr-Arnold indiyədək bütün peşəkar futbol karyerasını “Liverpul”da keçirib. O, klubla birlikdə 9 müxtəlif titul qazanıb. Eyni zamanda, İngiltərə millisinin heyətində iki Dünya Çempionatında (2018 və 2022) və bir Avropa Çempionatında (2024) iştirak edib.
Aleksandr-Arnold 14 iyun tarixindən etibarən ABŞ-da keçiriləcək Klublararası Dünya Çempionatında “Real Madrid”in heyətində çıxış edəcək.
© Copyright 2025, All Rights Reserved