“Komandanın gücünə güc qatdılar“ Qadın millimizin çalışdırıcı
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının çalışdırcısı Siyasət Əsgərov Avropa çempionatının seçmə mərhələsində Türkiyə üzərində (1:0) qələbədən sonra fikirlərini bildirib.
90plus.az xəbər verir ki, o, stadionda komandanı dəstəkləyən azarkeşlərə təşəkkür edib:
“Bizi dəstəkləməyə gələn azarkeşlərimizə təşəkkür edirəm. Sayları az olsa da, sona qədər komandanın gücünə güc qatdılar. Həmçinin komandama təşəkkürümü bildirirəm. Qızlarımız sübut etdilər ki, Azərbaycanda qadın futbolu inkişafdadır. Türkiyə Superliqasında yüksək səviyyəli 16 klub çıxış edir. Milli komandaları üçün seçim imkanları genişdir. Buna baxmayaraq, bu gün komandamız möhtəşəm mübarizə ilə qələbə qazandı.
Ərzincandakı görüşdə hakimlərin idarəçiliyi ürəyimizcə olmamışdı. Qapımıza heç nədən penalti təyin olundu, üstəlik, bizim lehimizə bir onbirmetrlik verilmədi. Həmçinin qızlarımızda həyəcan da var idi. Çünki böyük kütlə qarşısında çıxış edirdilər. Türkiyədəki oyunda minimum 1 xal qazana bilərdik”.
Qeyd: Azərbaycan millisinin hazırda 4 xalı var. Qrupda növbəti oyun iyulun 12-də “Liv Bona Dea Arena”da Macarıstan kollektivinə qarşı olacaq.
© Copyright 2026, All Rights Reserved