Andres İnyesta rəsmən baş məşçi oldu
Andres İnyesta baş məşqçilik karyerasına rəsmən başladı: İlk təyinat BƏƏ klubundan oldu.
90plus.az xəbər verir ki, İspaniya futbolunun əfsanəvi simalarından biri olan Andres Iniesta məşqçilik karyerasında ilk addımını atıb. Keçmiş yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirliklərinin ikinci liqa təmsilçisi "Qalf Yunayted" klubunun baş məşqçisi təyin olunub.
2019-cu ildə yaradılan klub qısa müddətdə diqqətçəkən inkişaf yolu keçib. Komanda 2022 və 2023-cü illərdə ardıcıl olaraq dördüncü və üçüncü divizionlardan yüksələrək hazırda BƏƏ Birinci Divizion Liqasında çıxış edir.
Yeni vəzifəsi barədə danışan İnyesta bunun məşqçi kimi inkişafı baxımından vacib mərhələ olduğunu bildirib:
“Bu addım mənim məşqçi kimi formalaşmağım və qazandığım təcrübəni peşəkar klubda tətbiq etməyim üçün mühüm əhəmiyyət daşıyır. Klub gənc futbolçulara inanır və onların inkişafına böyük önəm verir”.
Klubun heyəti liqanın ən gənc komandalarından biri hesab olunur və əsasən perspektivli futbolçuların yetişdirilməsi ilə tanınır.
İnyesta yaxın zamanda məşqçilər üçün nəzərdə tutulan A kateqoriyalı lisenziyanı əldə edib. “Qalf Yunayted”də çalışmaq ona gələcəkdə Pro lisenziya almaq üçün də imkan yaradacaq.
“Futbol mənə hər şeyi verib. İndi isə biliklərimi və təcrübəmi gənc oyunçularla bölüşmək istəyirəm. Futbolçuların düzgün inkişafına, səbirli yanaşmaya və aydın oyun fəlsəfəsinə inanıram. Bu baxımdan klubun baxışları mənim düşüncələrimlə üst-üstə düşür”, – deyə o qeyd edib.
40 yaşlı mütəxəssis peşəkar futbolçu karyerasını 2024-cü ilin oktyabrında başa vurub. O, son mövsümünü BƏƏ-nin "Emirates Club" komandasında keçirib. “Qalf Yunayted” isə İnyestanın baş məşqçi kimi çalışacağı ilk klub olacaq.
© Copyright 2026, All Rights Reserved