DÇ-2026: Qapıçı zədələnəndə futbolçular məşqçilərin yanına getməsin
DÇ-2026-da yeni qayda: Qapıçı zədələnəndə futbolçular məşqçi yanına gedə bilməyəcək.
90plus.az xəbər verir ki, FİFA 2026-cı ildə keçiriləcək dünya çempionatı öncəsi oyunların idarə olunması ilə bağlı yeni qayda tətbiq edəcək.
Qurumun qərarına əsasən, qarşılaşma zamanı qapıçıya tibbi yardım göstərilərkən meydan oyunçularının texniki zonaya yaxınlaşmasına və məşqçilər korpusu ilə taktiki söhbətlər aparmasına icazə verilməyəcək.
FİFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollinanın sözlərinə görə, hakimlər bu məsələdə xüsusi nəzarət həyata keçirəcəklər. O bildirib ki, qapıçı zədələndiyi zaman futbolçular ya öz mövqelərində qalmalı, ya da mərkəz dairəsində toplaşmalıdırlar.
Kollina qeyd edib ki, yeni qayda barədə mundiala vəsiqə qazanacaq bütün komandaların nümayəndələrinə məlumat verilib:
“Qapıçının zədələnməsi fasiləsindən istifadə edərək məşqçilərlə əlavə göstərişlər almaq düzgün deyil. Hakimlər futbolçuların ehtiyat oyunçular skamyasına yaxınlaşmasına imkan verməyəcəklər. Belə vəziyyətlərdə meydanda yalnız hakim, fizioterapevt və qapıçının qalması, digər oyunçuların isə kənara çıxması qəbulolunmazdır”, – deyə o vurğulayıb.
Yeni qaydanın əsas məqsədi qapıçıların müalicəsi üçün yaranan fasilələrin gizli taktiki müşavirələrə çevrilməsinin qarşısını almaqdır. Qayda ilk dəfə 2026-cı il dünya çempionatında tətbiq olunacaq.
© Copyright 2026, All Rights Reserved