Dünya çempionatı: Bir güləşçimiz finalda!
Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir. 90plus.az xəbər verir ki, ikinci yarış günündə 57, 74, 79 və 92 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub. Əliabbas Rzazadə (57 kq) amerikalı Zeyn Riçardsa 3:2 hesabıyla qalib gəlsə də, iranlı Milad Vəlizadəyə məğlub olub - 4:8. Turan Bayramov (74 kq) Bəhreyn təmsilçisi Maqomedrasul Asluyev (10:0) və qırğızıstanlı Arsalan Budajapovu (tuş) mübarizədən tam üstünlüklə kənarlaşdırıb. O, 1/4 finalda türkiyəli Soner Demirtaşla gərgin qarşılaşmadan minimalhesablı (5:4) üstünlüklə ayrılıb və yarımfinala yüksəlib. Turan finalın bir addımlığında rusiyalı olimpiya və 2 qat dünya çempionu Zaurbek Sidakovla üz-üzə gəlib. O, bu mərhələdə uduzduğu üçün (1:5) sabah bürünc medal uğrunda güləşəcək. Orxan Abasov (79 kq) debütdə iranlı İman Mahdavinə qalib gəlib- 6:3. Abasov növbəti mərhələdə ermənistanlı Arman Avaqyana "tuş"la qalib gəlib və 1/4 finala yüksəlib. Orxan amerikalı Çandler Marstelleri dəüstələyib - 9:3. Yarımfinala vəsiqə qazanan debütant rusiyalı Axmed Usmanova 0:3 hesabıyla məğlub olub. O, bürünc medal uğrunda mübarizə aparacaq. Mübarizəyə 1/8 finaldan qoşulan Osman Nurmaqomedov (92 kq) ukraynalı Denis Sahaliuk (10:0) üzərində inamlı qələbənin ardınca amerikalı Zahid Valensiyadan güclü olub - 5:1. Təmsilçimiz yarımfinalda yaponiyalı Araş Yoşidaya da heç bir şans tanımayıb - 10:0. Nurmaqomedov həlledici görüşdə qazaxıstanlı Rizabek Aitmuxanla qarşılaşacaq.