“Hoca hocadır. Onu heç kimlə müqayisə edə bilmərəm” Şahruddin Məhəmmədəliyev
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev “FIFA series - Edition 2024” layihəsi çərçivəsində Bolqarıstana qarşı keçirilən oyundan (1:1) sonra sualları cavablandırıb. 90plus.az xəbər verir ki, Şahruddin “FIFA series - Edition 2024” layihəsi çərçivəsində millimizin Monqolustan və Bolqarıstana qarşı keçirdiyi oyunları belə dəyərləndirib: "İlk oyunu Monqolustana qarşı keçirdik. Rəqibə hörmətlə yanaşsaq da, məlum məsələdir ki, Monqolustan nisbətən zəif komandadır. Prinsipcə, biz daha ciddi rəqiblərlə qarşılaşmaq istərdik. Monqolustanla 90 dəqiqəni hücumda keçirsək də, yalnız sonda fərqlənə bildik. Bolqarıstana qarşı da yaxşı oynadıq. Rəqib demək olar ki, bütün gücünü müdafiəyə yönəltmişdi. Bu matçda da qələbə qazana bilərdik. Təəssüf ki, heç-heçə ilə kifayətləndik. Düşünürəm ki, çox yaxşı komandamız var. Bu kollektivə daha çox güvənmək lazımdır. Bolqarıstanla matç komandaya inam qazandırdı. Biz göstərdik ki, futbol oynaya bilirik. Daha əvvəl bunu İsveçlə matçda da isbatlamışdıq. Dediyim kimi, hazırda yaxşı kollektivimiz var. Hər mövqedə bacarıqlı futbolçular cəmləşib. Xüsusən də “Qarabağ”ın gənclərini qeyd etmək istərdim. Elvin, Toral “Braqa” və “Bayer” kimi rəqiblərə qarşı əla futbol sərgilədilər. Bu, yaxşı göstəricidir. Düşünürəm ki, daha əvvəl belə hallar olmayıb. Gənclərə daha çox inanmaq lazımdır. İstərdik ki, azarkeşləri stadiona qaytaraq. Təbii ki, bu, heç də asan deyil. Mən insanları qınamıram. Çox istərdim ki, azarkeşlər millini daha çox dəstəkləsinlər. Çünki bizim cəmi 1 milli komandamız var, ikincisi yoxdur". Qapıçı millinin oyununa az sayda azarkeşin gəlməsinin əsas günahkarı, səbəbkarı kimi isə özlərini günahlı sayıb: "Birinci günahkar bizik. Çünki nəticə yoxdursa, dünyanın harasında olursa olsun, azarkeş stadiona gəlmir. Öz oyunumuzla bu vəziyyəti dəyişməliyik. “Qarabağ”ın avrokubok oyununda stadionda izdiham yaşanır. Üstəlik, bu gün (söhbət dünən olub - red.) hava da soyuq idi. Açıq deyim ki, azarkeş olsaydım, mən də stadiona gəlməzdim. İsti çayımı içərək matça televizordan baxardım". Məhəmmədəliyev " Qarabağ”ın “Braqa”ya, “Bayer”ə qarşı matçlarını izləyərkən komandanı tərk etdiyi üçün təəssüflənmədiyini deyir: "Yox. Buna yalnız sevinirdim, xüsusən də “Braqa” ilə Bakıdakı matçda. Görüşə qazax komanda yoldaşımla birgə baxırdım. O anlaya bilmirdi ki, ayrıldığın kluba necə belə dəstək olmaq mümkündür. Çox şadam, indi də sevinirəm ki “Qarabağ”da oynamışam". Şahruddin Məhəmmədəliyev tənqidləri qəbul etdiyini də dilə gətirib: "Qapıçı mövqeyi elədir ki, sənin hər bir səhvin göz önündədir. Mən elə oyunçuyam ki, risk etməyi sevirəm. Məhz bunun sayəsində qapıda dayanmışam. Risk və istək. Ola bilər, bəzən daha çox risk etmişəm. Belə götürəndə bu günə qədər təəssüfləndiyim ən böyük səhvim “Viktoriya Plzen”lə matçda olub. Qalanları sadəcə bəxtsizlik idi. İndiyə kimi anlamıram ki, “Rakov”un fərqləndiyi epizodda top qapıdan necə keçdi. Bəlkə də bundan sonra o cür 100 dəfə zərbə endirilsə, hamısını dəf edərəm". “Qarabağ”da səhv edərkən Qurban Qurbanovun dəstək olmasını “Adana Demirspor”la müqayisə edib böyük fərq olduğunu vurğuladı: "Çox böyük fərq var. Hoca hocadır. Onu heç kimlə müqayisə edə bilmərəm. Məşqçilik bir yana, söhbət insanlıqdan gedir. Bunu təkcə mən yox, “Qarabağ”ın formasını geymiş hər bir futbolçu deyə bilər. Siz məşqləri görmürsünüz. “Rakov”la matçdan sonra nə yaşadığımı, hansı hisslər keçirdiyimi komanda yoldaşlarım, məşqçilər, hoca görüb".