“Qarşımıza hər iki oyunda qələbə qazanmaq məqsədi qoymuşuq” - Arif Əsədov
FİFA-nın ilk dəfə Bakıda təşkil edəcəyi “FIFA series - Edition 2024” çərçivəsində sabah Monqolustanla qarşılaşacaq Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov bu gün mətbuat konfransına qatılıb. 90plus.az xəbər verir ki, Əsədov qarşılaşma barədə bunları deyib: “ Təəssüf ki, Aleksey İsayevin zədəsi ciddi olduğu üçün yığmadan ayrıldı. O, təcili əməliyyat olunmalıdır. Bildiyiniz kimi, heyətə yeni futbolçular da cəlb etmişik. Çalışacağıq ki, onlardan da istifadə edək. Qarşımıza hər iki oyunda qələbə qazanmaq məqsədi qoymuşuq. Bəzi taktiki gedişlərdən istifadə edəcəyik. Ola bilər matçlara fərqli taktiki gedişlərlə çıxaq” . Arif Əsədov "Sumqayıt"dan heç kimin milliyə dəvət almaması barədə danışıb: - Bütün komandaları izləyirik. Hər futbolçu üçün millinin qapısı açıqdır. Bu toplanışa düşünmədik. O demək deyil ki, onlar həmişəlik kənarda qalırlar. Elə bu toplanışın gedişdə də “Sumqayıt”ın futbolçularından yararlana bilərik. Hücumçu kimi Ramil Şeydayev, Renat Dadaşov və Musa Qurbanlının dəvət olunması, amma “Araz-Naxçıvan”ın hücumçusu, çempionatın bombardirləri siyahısında yer alan yerli hücumçu Orxan Əliyevin çağırılmaması barədə: "Çağırdığımız hücumçular klublarında oyun praktikasından əziyyət çəkirlər. Onsuz da futbolçu qıtlığımız var. Belə anda onları mütləq dəvət etməliyik. Fiziki durumlarına uyğun onlardan istifadə edəcəyik. Hücumçularda bir qədər ruh düşkünlüyü var. Çalışacağıq ki, onları klublarına yaxşı vəziyyətdə yola salaq. Orxan da nəzərimizdədir. Artıq özünə diqqəti cəlb edə bilib. Gələcək oyunlarda onu da dəvət edə bilərik. Mütəxəssis sabahkı matçda daha çox hücum futboluna üstünlük verəcəklərini bildirib. De Byazi ilə problem yaşayan Qara Qarayevin yenidən milliyə dəvət ala biləcəyini deyib: "Qara ilə bağlı məsələ qapanmayıb. Onun üçün millinin qapısı açıqdır. Bu toplanışa hər mövqe üçün 2 futbolçu dəvət etdik. Ona görə Qara çağırılmadı. Növbəti toplanışda qismət olsa, çağırılacaq. Qaranın adı mənim siyahımda var".