"Son zamanlar Elvində psixoloji əsəbilik var” Arif Əsədov
Azərbaycan millisinin baş məşqçi əvəzi Arif Əsədov "FIFA series – Edition 2024" layihəsi çərçivəsində Bolqarıstanla 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransına qatılıb. 90plus.az xəbər verir ki, Əsədov matç barədə bunları deyib: - Maraqlı oyun oldu. Hər iki komanda yaxşı oynadı. Komandam bu oyuna çox istəkli çıxmışdı. Əzmkar oyun göstərdilər. Sona qədər qələbə qazanmaq haqda düşünürdük. Ani vəziyyətdə qol buraxdıq. Sonradan etdiyimiz əvəzetmələr oyunumuzu daha da gücləndirdi. Qol vurduq və bir neçə 100 faizli imkanlarımız var idi. Komanda istədiyimin 70-80 faizini yerinə yetirirdi. Birinci oyunda olduğu kimi qol epizodlarından istifadə edə bilməməyimiz öz sözünü dedi. Daha sonra mütəxəssis hakimin bəzi epizodlarda millimizim əleyhinə qərarlar verdiyini, amma bu haqda çox danışmaq istəmədiyini deyib. Bu iki oyunda hücumların çox olduğu barədə: " Məşqlərdə işləyirdik ki, rəqibi pressinqdə saxlayaq. Əks-hücumlarımız da yaxşı alınırdı. Epizodları reallaşdırmağa gəldikdə, futbolçularımızı günahlandırmaq istəməzdim. Hücumdakı oyunçularımız hələ o formada deyil. Sevindirici haldır ki, Musa meydana girib qol vurdu. Klubuna qayıdanda ruh yüksəkliyi olacaq. Ramil Şeydayev "Qarabağ"dakı kimi deyil, amma əlindən gələni etdi. Renat Dadaşova gəldikdə, o da aktiv idi, qol duyumunu itirib. Musaya demişdim ki, cərimə meydançasının içində ol, o da bunu edib qol vurdu. Ceyhun Nuriyevi də sonradan meydana daxil etdik ki, hücum planında kömək olsun. Filip Ozobiçi də meydana buraxdıq. Risk edərək hücumu gücləndirdik. Sevindirici hal odur ki, son saniyədə komanda ikinci qolu da vurmaq istəyirdi. Adətən köməkçi məşqçi kimi fəaliyyət göstərən, amma bu dəfə əsas baş məşqçi kimi millini meydana çıxaran Əsədov məşqçi heyətindən də danışıb: "Yanımda üç köməkçim var: Kamran Ağayev, Füzuli Məmmədov və İlham Yadullayev. Hamısından razıyam. Qısa müddətdə yaxşı işlər gördük. Məşqçilər korpusumuz kiçik idi, amma 10 nəfərin əvəzini verdik. Hər gün yığışıb, rəqiblərimizi analiz edirdik". Arif Əsədov Emin Mahmudovu hər iki matçda əvəzləməsinə də aydınlıq gətirib: "İlk növbədə Eminin zədəsi ilə bağlı idi. Ona minnətdaram ki, toplanışa zədəli-zədəli gəlmişdi. Monqolustanla görüşdə oynatmaq istəmirdim. Amma kapitan kimi bildirdi ki, oynamaq istəyirəm. Oyunun gedişindən də görünürdü ki, sərtlik çox idi. Mərkəzdə mübarizələr çox idi. Hiss edirdim ki, Eminin ayağında ağrılar var və buna görə onu qoruduq". Sosial şəbəkələrdə ən çox müzakirə olunan Elvin Cəfərquliyevin oyundan sonra hakimi təhqir etməsi barədə: "Son zamanlar Elvində bir az gərginlik var, psixoloji əsəbilikdir. Mənə elə gəlir ki, bu "Qarabağ"ın "Bayer" və "Braqa" ilə görüşlərdəki qırmızı vərəqələri ilə bağlıdır. Hiss olunur ki, həmin görüşlərdəki qırmızı vərəqələr ona psixoloji sarıdan təsir edib və bundan çıxa bilməyib. Oyundan öncə futbolçulara bildiririk ki, nələrə daha çox diqqət etməliyik. O da intizam qaydalarıdır. Məsələn, Belçika ilə matçda 10 nəfərlə qalmışdıq. Onsuzda belə komandalara qarşı oynamaq çətin idi. Azlıqda olanda isə səhvlərimiz daha çox görünür. Getdikcə Elvin psixoloji gərginlikdən çıxacaq və həm millidə, həm də Qurban Qurbanovun istədiyi amillərə diqqət edəcək".