“Jirona” nağıl kimi gəlmişdi, 8 oyunun badına getdi
La Liqada mövsümün sonu: üç klub elitaya vida etdi.
90plus.az xəbər verir ki, İspaniya La Liqasında 2025/26 mövsümünün sonunda aşağı liqaya yuvarlanan komandaların taleyinə aydınlıq gəlib.
38-ci turun nəticələrindən sonra “Oviedo”, “Jirona” və “Malyorka” Sequndaya düşən komandalar kimi rəsmiləşib.
Son turda “Malyorka” “Oviedo”nu 3:0 hesabı ilə məğlub etsə də, bu qələbə heç bir komandanın taleyini dəyişməyib. “Oviedo” mövsümü 29 xalla sonuncu pillədə başa vurub, “Jirona” 41 xalla 19-cu, “Malyorka” isə 42 xalla 18-ci yerdə qərarlaşıb.
Mövsümün ən böyük məyusluğu “Jirona” üçün yaşanıb. Bir neçə mövsüm əvvəl Çempionlar Liqasında çıxış edən və La Liqada 3-cü yeri tutan Kataloniya klubu bu dəfə mövsüm boyu sabitlik göstərə bilməyib. Uzun qələbəsizlik seriyası və son həftələrdə itirilən xallar komandanı aşağı liqaya göndərib.
Klubun taleyini həll edən əsas məqam 8 oyunluq qələbəsiz seriya olub. Son turda “Elçe” ilə 1:1 hesablı heç-heçə edən komanda rəqibinə də birbaşa təsir göstərib – məğlubiyyət halında “Elçe” də təhlükə ilə üz-üzə qala bilərdi.
Mətbuatın yazdığına görə, “Jirona”da ciddi dəyişikliklər gözlənilir. Baş məşqçi Miqel Sançezin “Ayaks”a keçə biləcəyi iddia olunur. Komandanın aparıcı futbolçularından Arnau Martinez və İvan Martinin də yayda klubdan ayrılması gündəmdədir.
Yeni mövsümdə isə Sequndadan La Liqaya “Rasinq Santander”, “Deportivo La Korunya” və “Almeriya” yüksələcək.
© Copyright 2026, All Rights Reserved