“Vest Hem” 14 il sonra aşağı liqaya düşdü! Detallar
“Vest Hem” 14 il sonra Premyer Liqa ilə vidalaşdı.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasında mövsümün ən böyük məyusluqlarından birini “Vest Hem Yunayted” yaşayıb.
London təmsilçisi mövsümü 18-ci pillədə başa vuraraq 14 illik fasilədən sonra Çempionşipə yuvarlanıb.
“Vest Hem” son turda “Lids Yunayted” üzərində qələbə qazanmalı və eyni zamanda “Everton”un “Tottenhem Hotspur”a qalib gəlməsini gözləməli idi. London klubu öz oyununda önə keçsə də, nəticələr onların xeyrinə olmadı və komanda elitadakı yerini qoruya bilmədi.
Qarşılaşma zamanı azarkeşlər klub rəhbərliyinə, xüsusilə sədr Devid Sallivana qarşı narazılıqlarını sərt şüarlarla ifadə ediblər. Azarkeşlərin əksəriyyəti klubun hazırkı durumuna görə məhz rəhbərliyi günahlandırır.
Halbuki cəmi üç il əvvəl “Vest Hem” tarixinin ən yaddaqalan anlarından birini yaşamışdı. Komanda 2023-cü ildə Praqada keçirilən finalda “Fiorentina”nı 2:1 hesabı ilə məğlub edərək UEFA Konfrans Liqasının qalibi olmuşdu. Bu uğur klubun 40 illik titulsuzluq seriyasına son qoymuşdu.
İndi isə klub həm idman, həm də maliyyə baxımından ciddi problemlərlə üz-üzədir. “Vest Hem”in son maliyyə hesabatında 104 milyon funt sterlinq zərər etdiyi açıqlanıb. Mənbələrin məlumatına görə, Premyer Liqanı tərk etməklə klubun gəlirləri 50-60 faiz azalacaq.
Klub rəhbərliyi yayılan rəsmi açıqlamada uğursuzluğu etiraf edib:
“Sadə həqiqət budur ki, biz kifayət qədər yaxşı olmadıq. Bu uğursuzluğun nəticələri ilə dürüstlük və məsuliyyətlə üzləşməliyik. İndi yenidən toparlanmaq və klubu bərpa etmək vaxtıdır”.
“Vest Hem” daha əvvəl də aşağı liqaya düşdükdən sonra Premyer Liqaya qayıtmağı bacarıb. Klub rəhbərliyi bu dəfə də qısa müddətdə elitaya dönüşə ümid edir.
© Copyright 2026, All Rights Reserved