İran millisinin düşərgəsi Meksikaya köçürüldü
İran millisinin mundial planında dəyişiklik: düşərgə Meksikaya köçürüldü.
90plus.az xəbər verir ki, İran milli futbol komandası 2026-cı il dünya çempionatına hazırlıqla bağlı təlim-məşq toplanışının yerini dəyişib.
IRNA agentliyinin məlumatına görə, FİFA İran tərəfinin müraciətini təsdiqləyərək komandanın düşərgəsinin ABŞ-dan Meksikaya köçürülməsinə razılıq verib. Yeni hazırlıq məkanı ABŞ sərhədinə yaxın, Sakit okean sahilində yerləşən Tixuana şəhəri olacaq.
İran Futbol Federasiyasının prezidenti Mehdi Taj bildirib ki, qərar FİFA və mundial təşkilatçıları ilə aparılan danışıqlardan sonra rəsmiləşib.
Onun sözlərinə görə, komanda qrup mərhələsində bütün oyunlarını ABŞ-da keçirsə də, mundiala hazırlığı Meksika ərazisində davam etdirəcək.
Hazırda İran millisi hazırlıqlarını Türkiyənin Antalya bölgəsində davam etdirir. Komanda iyunun 5-dək orada məşq edəcək, daha sonra iki yoxlama oyunu keçirəcək: mayın 29-da Qambiya, iyunun 4-də isə Mali ilə.
Dünya çempionatı üçün yekun 26 nəfərlik heyətin isə iyunun 1-də açıqlanacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved