Obameyanq başda olmaqla futbolçular otağı “uçurdub”
"Marsel"də futbolçuların davranışı klub daxilində böyük narazılığa səbəb olub.
90plus.az xəbər verir ki, komandanın məşq bazasında keçirilən son gecə zamanı futbolçuların yaratdığı xaos Fransa mətbuatının gündəminə çevrilib. Məlumata görə, hadisələrin əsas iştirakçılarından biri komandanın təcrübəli hücumçusu Pyer-Emerik Obameyanq olub.
İddialara əsasən, futbolçuların davranışı klub daxilində “tətil düşərgəsi atmosferi” kimi qiymətləndirilib. Məşq bazasında müxtəlif otaqlarda ciddi qarışıqlıq yarandığı bildirilir.
Mənbənin yaydığı məlumata görə, klub direktorlarından birinin otağında yanğınsöndürən boşaldılıb, otaqlardakı çarpayıların yerləri dəyişdirilib və bəzi otaqlar tamamilə dağıdılmış vəziyyətə salınıb.
Hadisədən sonra klub rəhbərliyinin vəziyyətdən ciddi narahat olduğu qeyd edilir. Hələlik “Marsel” tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Fransa mediası baş verənlərin komanda daxilində intizam qaydalarının yenidən gündəmə gəlməsinə səbəb ola biləcəyini yazır.
© Copyright 2026, All Rights Reserved