Premyer Liqa uğrunda matça görə rəqibin məşqinə casus yolladı
"Middlsbro" ilə "Sauthempton" arasında keçiriləcək Premyer Liqaya yüksəliş pley-offu öncəsi qalmaqallı hadisə yaşanıb.
90plus.az xəbər verir ki, İngiltərə mətbuatının yaydığı məlumata görə, “Sauthempton casusu” adlandırılan şəxs “Middlsbro”nun məşqini gizli şəkildə izləyərkən yaxalanıb.
İddialara əsasən, həmin şəxs məşq meydançasının yaxınlığındakı ağacların birində gizlənərək komandanın hazırlıq prosesini müşahidə edib. Bildirilir ki, o, peşəkar müşahidə avadanlıqlarından, o cümlədən mikrofon və görüntü ötürmə cihazlarından istifadə edib. Hətta məşqin uzaqdan canlı yayımlandığı da qeyd olunur.
Məlumata görə, şübhəli şəxs aşkarlanandan sonra tərəflər arasında gərginlik yaranıb və hadisə fiziki qarşıdurmaya qədər böyüyüb. Daha sonra həmin şəxs yaxınlıqdakı evlərdən birinə qaçaraq paltarını dəyişib və tanınmamaq üçün ərazidən uzaqlaşıb.
Hadisə İngiltərə futbolunda böyük rezonans doğurub. Hələlik nə “Middlsbro”, nə də “Sauthempton” məsələ ilə bağlı rəsmi açıqlama yayıb.
İngiltərə mediası isə bu hadisənin pley-off qarşılaşması öncəsi iki klub arasındakı gərginliyi daha da artırdığını yazır.
© Copyright 2026, All Rights Reserved