“Şərtlərim qəbul olunsa, qalacağam” -“Karvan”ın çalışdırıcısı
“Şərtlərim qəbul olunsa, qalacağam” – Füzuli Məmmədovdan açıq mesaj!
90plus.az xəbər verir ki, Azərbaycan Premyer Liqası ilə vidalaşan “Karvan-Yevlax”da gələcək hələ də qeyri-müəyyən olaraq qalır.
Komandanın baş məşqçisi Füzuli Məmmədov “İmişli” ilə 1:1 hesabı ilə başa çatan son turun oyunundan sonra həm mövsümü dəyərləndirib, həm də gələcəyi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Təcrübəli mütəxəssis nəticənin turnir cədvəli baxımından əhəmiyyət daşımadığını desə də, futbolçuların sona qədər xarakter göstərdiyini vurğulayıb:
“Futbolçular qalib gəlmək istəyirdilər, meydanda yaxşı mübarizə gördük. Ağır yol keçdik. Təəssüflər olsun ki, komandamız 1-ci Liqaya yuvarlandı”.
Məmmədov mövsüm ərzində komandadakı hər kəsin böyük əziyyət çəkdiyini bildirib və futbolçularına xüsusi təşəkkür edib:
“İstədiyimizə nail ola bilmədik. Amma bütün mövsüm boyu futbolçularım əziyyət çəkdilər. Hər birinə təşəkkür edirəm”.
Baş məşqçinin ən diqqətçəkən açıqlaması isə komandadakı gələcəyi ilə bağlı olub. O, rəhbərliklə keçiriləcək görüşün taleyüklü olacağını gizlətməyib:
“Əgər mənim irəli sürdüyüm şərtlər və tələblər yerinə yetirilərsə, komandada qalacağam”.
Füzuli Məmmədov “Karvan-Yevlax”ın 1-ci Liqada da iddialı olmasını və qısa müddətdə Premyer Liqaya qayıtmasını istədiyini bildirib:
“Çox istəyirəm ki, 1-ci Liqada iddialı mübarizə aparaq və yenidən Premyer Liqaya geri qayıdaq”.
Baş məşqçi heyətdə aşağı dəstədə komandaya kömək edə biləcək futbolçuların olduğunu da vurğulayıb. Onun sözlərinə görə, bəzi oyunçuların komandada qalması rəhbərliyin qərarından və yaradılacaq şəraitdən asılı olacaq.
Digər klublardan mümkün təkliflərə gəlincə isə Məmmədov əvvəlcə “Karvan-Yevlax” rəhbərliyi ilə danışıqlara üstünlük verəcəyini bildirib:
“Öncə hazırkı klubumla danışacam. Sabahkı görüşdən çox şey asılıdır”.
© Copyright 2026, All Rights Reserved