Luka Modriç 5-ci dəfə dünya çempionatına gedir
Modriç beşinci mundiala yollanır – Xorvatiya ulduzundan əla göstərici!
90plus.az xəbər verir ki, Xorvatiya millisinin veteran yarımmüdafiəçisi Luka Modriç karyerasında daha bir tarixi mərhələni geridə qoyub. 40 yaşlı futbolçu DÇ-2026 üçün yığmanın yekun heyətinə daxil edilib və beləliklə, beşinci dəfə dünya çempionatında iştirak edəcək.
Modriç bundan əvvəl 2006, 2014, 2018 və 2022-ci il dünya çempionatlarında Xorvatiya millisinin formasını geyinib. DÇ-2026 onun beşinci mundialı olacaq və futbol tarixində ən sabit milli karyeralardan birinə imza atmış oyunçular sırasında yerini möhkəmləndirəcək.
Qeyd olunur ki, dünya çempionatlarında Modriçdən daha çox – altı dəfə yekun heyətə düşən cəmi üç futbolçu var: Lionel Messi, Kriştiano Ronaldo və Gilermo Oçoa.
Daha əvvəl mətbuatda yayılan məlumatlara görə, Modriç DÇ-2026-dan sonra futbolçu karyerasını başa vurmağı planlaşdırır.
Xorvatiya millisi mundialın qrup mərhələsində İngiltərə, Panama və Qana ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved