“Real Madrid”də seçki qalmaqalı! Detallar
“Real Madrid” seçki qalmaqalına cavab verdi.
90plus.az xəbər verir ki, “Real Madrid” klubu prezident seçkiləri öncəsi səsləndirilən korrupsiya və şəffaflıqla bağlı ittihamlara rəsmi münasibət bildirib.
Klubun prezidentliyinə namizəd olan iş adamı Enrike Rikelme son günlər seçki prosesinin şəffaf keçirilmədiyini iddia etmiş, xüsusilə də iyunun 7-də keçiriləcək səsvermə ərəfəsində poçt vasitəsilə verilən səslərin idarə olunması və üzvlərin siyahısına çıxış məsələləri ilə bağlı suallar qaldırmışdı.
37 yaşlı namizəd Florentino Peresin seçki kampaniyasının klub üzvlərinin rəsmi məlumat bazasına üstün çıxış əldə etdiyini də irəli sürmüşdü.
Bu ittihamlardan sonra “Real Madrid”in Seçki Komitəsi rəsmi bəyanat yayıb. Bəyanatda seçki prosesində hər hansı qanun pozuntusunun baş vermədiyi vurğulanıb və namizədlərdən heç birinin seçici siyahısına çıxış əldə etmədiyi bildirilib.
Klubun açıqlamasına görə, “Real Madrid” yalnız neytral vasitəçi rolunu oynayır və namizədlərin təşviqat materiallarını təxminən 100 min səsvermə hüququ olan üzvə çatdırır.
Seçki Komitəsi həmçinin qeyd edib ki, Rikelme namizədliyini rəsmən qeydə aldırarkən bütün prosedurlar barədə ətraflı məlumatlandırılıb.
Poçt səsverməsi ilə bağlı narahatlıqlara da münasibət bildirən komitə hər iki namizədin nümayəndələrinin bülletenlərin saxlanıldığı xüsusi təhlükəsizlik zonalarına nəzarət edə biləcəyini açıqlayıb. Bildirilib ki, nümayəndələr həmin otaqların giriş hissəsində fasiləsiz müşahidə aparmaq hüququna malikdirlər.
Açıqlamada əlavə olunub ki, bülletenlərin saxlanıldığı ərazilər artıq 24 saat videomüşahidə sistemi ilə qorunur və bütün nəzarət tədbirləri şəxsi məlumatların qorunması qaydalarına uyğun həyata keçirilir.
Qeyd: “Real Madrid”də prezident seçkilərinə maraq son mövsümdə komandanın titul qazana bilməməsindən sonra daha da artıb. Florentino Peres 2006-cı ildən bəri ilk dəfə ciddi rəqiblə üz-üzədir. Enrike Rikelme kampaniyasını idman islahatları və komandanın gələcəyi ilə bağlı yeni layihələr üzərində qurub. O, hətta gələcəkdə “Arsenal”ın baş məşqçisi Mikel Artetanı komandaya gətirə biləcəyini də istisna etməyib.
Florentino Peres isə seçki kampaniyasını “Yazılacaq çox tarix var” şüarı altında aparır və prezidentliyi dövründə qazanılan altı UEFA Çempionlar Liqası titulunu əsas üstünlüklərindən biri kimi təqdim edir.