Tedesko rəsmən İtaliya A Seriyasında
Rəsmi: Domeniko Tedesko “Bolonya”nın yeni baş məşqçisi təyin olundu.
90plus.az xəbər verir ki, İtaliya A Seriyası təmsilçisi “Bolonya”nın yeni baş məşqçisinin adına aydınlıq gəlib. Klub Domeniko Tedeskonun komandanın sükanı arxasına keçdiyini rəsmən açıqlayıb.
“Bolonya”nın yaydığı məlumata görə, 40 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Razılaşmada sözləşmənin daha bir il uzadılması imkanı da nəzərdə tutulub.
Tedesko bu vəzifədə ötən həftə komandadan ayrılan Vinçentso İtalyanonu əvəzləyib. İtalyanonun isə yaxın vaxtlarda “Napoli”nin baş məşqçisi postuna gətiriləcəyi ehtimal olunur.
İtaliya və Almaniya vətəndaşlığına sahib olan Domeniko Tedesko məşqçilik karyerası ərzində “Şalke 04”, Moskva “Spartak”ı və “Leypsiq” kimi klubları çalışdırıb. O, 2022-ci ildə “Leypsiq”lə Almaniya Kubokunun qalibi olub. Mütəxəssis həmçinin iki il Belçika millisinin baş məşqçisi vəzifəsində çalışıb.
Qeyd: Tedeskonun təyinatı İtaliya futbolunda yay aylarında gözlənilən məşqçi dəyişikliklərinin bir hissəsi hesab olunur. “Bolonya” ilə yanaşı, “Napoli”, “Milan” və “Latsio”nun da yeni baş məşqçi təyin etməsi gözlənilir.
© Copyright 2026, All Rights Reserved