Marko Silva 5 il sonra “Fulhem”ə vida söylədi
Rəsmi: Marko Silva “Fulhem”dən ayrıldı.
90plus.az xəbər verir ki, İngiltərənin “Fulhem” klubu baş məşqçi Marko Silvanın komandadan ayrıldığını rəsmən açıqlayıb.
Portuqaliyalı mütəxəssis son beş ildə London təmsilçisinə rəhbərlik edib və bu müddətdə klub tarixinin ən uğurlu dövrlərindən birinə imza atıb. Onun rəhbərliyi altında “Fulhem” 21 ildən sonra ilk dəfə liqa çempionluğunu qazanaraq Premyer Liqaya yüksəlib. Həmin mövsümdə komanda 110 qol vurub və üç dəfə 7:0 hesablı qələbə qazanıb.
Silva azarkeşlərlə vidalaşarkən emosional açıqlama verib:
“Azarkeşlərimizə təşəkkür edirəm. İlk gündən sizdən hər zaman yanımızda olmağınızı istəmişdim və son beş ildə bunu etdiniz. Birlikdə çox şeyə nail olduq. Mən və məşqçilər korpusum dəstəyinizi hər zaman hiss etdik. Bunu heç vaxt unutmayacağıq. “Fulhem” həmişə ürəyimdə olacaq və gec-tez yenidən “Kreyven Kottec”ə qayıdacağam”.
Klubun sahibi Şahid Xan da Silvaya təşəkkür edərək onun komandaya böyük töhfələr verdiyini vurğulayıb:
“Marko Silva klubumuzdan minnətdarlığımız və ən xoş arzularımızla ayrılır. Beş mövsüm ərzində “Fulhem” və Silva mükəmməl uyğunluq təşkil etdi. Lakin futbolda dəyişiklik qaçılmazdır və biz bu məqama hazırlaşmışdıq”.
Silvanın rəhbərliyi altında “Fulhem” Premyer Liqada möhkəmlənməyi bacarıb. Komanda 2022/23 mövsümündə turnir cədvəlinin ilk yarısında qərarlaşıb, daha sonra isə ardıcıl olaraq orta sıralarda yer alıb. 2025-ci ildə isə klub Premyer Liqadakı rekord xal göstəricisini yeniləyərək mövsümü 54 xalla başa vurub.
Bundan əlavə, “Fulhem” onun rəhbərliyi altında ölkə kuboku turnirlərində dörd dəfə 1/4 finala yüksəlib və tarixində ilk dəfə İngiltərə Liqa Kubokunun yarımfinalında çıxış edib.
Qeyd: Marko Silvanın yaxın günlərdə Portuqaliya nəhəngi “Benfika”nın baş məşqçisi kimi təqdim olunacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved