Millimiz Avropa çempionatının 1/4 finalında!
Azərbaycan millisi dramatik qələbə ilə 1/4 finalda – Qazaxıstan səddini keçdi.
90plus.az xəbər verir ki, Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında Azərbaycan milli komandası növbəti uğuruna imza atıb.
Elşad Quliyevin rəhbərlik etdiyi yığma 1/8 final mərhələsində Qazaxıstanla qarşılaşıb. “Tipos Arena”da baş tutan gərgin görüş Azərbaycan millisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda millimizin qollarını Rəvan Kərimov, İsa Atayev və Məhəmməd Xəlilov vuraraq komandanın növbəti mərhələyə yüksəlməsində həlledici rol oynayıblar.
Bu nəticə ilə Azərbaycan millisi Avropa çempionatında yoluna davam edərək 1/4 finala yüksəlib. Komanda növbəti mərhələdə Çexiya yığması ilə üz-üzə gələcək. Çexiya 1/8 finalda Monteneqronu 2:0 hesabı ilə məğlub edib.
Qrup mərhələsində də inamlı çıxış edən Azərbaycan millisi F qrupunda Avstriyanı 1:0, İtaliyanı 3:0, Fransanı isə 3:2 hesabı ilə məğlub edərək diqqət mərkəzinə düşmüşdü.
Matçdan sonra baş məşqçi Elşad Quliyev oyunu dəyərləndirərək rəqibin çətinlik yaratdığını bildirib:
“Çətin oyun alındı. Rəqibi təbrik edirəm, yaxşı oyun sərgilədilər. Bizim üçün də ağır qarşılaşma oldu. Erkən qol buraxdıq, amma sonra oyunu dəyişməyi bacardıq. Belə matçlar pley-off mərhələsində normaldır”.
Mütəxəssis Qazaxıstanın kobud oyun sərgilədiyini də qeyd edib və komandasının buna hazır olduğunu vurğulayıb. O, 1/4 finalda Çexiya ilə görüşün daha da çətin keçəcəyini bildirib:
“Erkən final olacaq. Güclü və təşkilatlanmış komandaya qarşı oynayacağıq”.
Azərbaycan millisi indi diqqətini 1/4 final qarşılaşmasına yönəldib.
© Copyright 2026, All Rights Reserved